ABŞ koalsiyasının təyyarələri ilk dəfə olaraq Suriyada Raqqa şəhəri yaxınlığındakı Tabqa su bəndi rayonuna desant çıxarıb.
Pentaqon xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) döyüşçüləri İŞİD terror birləşməsinin cəbhə xətti arxasına atılıb. Xəbərə görə, hazırda su bəndi ətrafında şiddətli döyüşlər davam edir. Cəbhə xəttinin bu hissəsindəki İŞİD qüvvələri, əsasən, xarici cihadçılardan ibarətdir. Bu əməliyyatdan az əvvəl ABŞ kolasiyasına daxil ölkələrin nümayəndələri Vaşiqntonda görüşmüşdülər.
Dövlət Katibi Rex Tillerson martın 22-də keçirilən görüşdə iştirak edənlərə deyib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi "artıq bir vaxt məsələsidir". Pentaqon kürdlərin üstünlük təşkil etdiyi SDQ-nin ərəb döyüşçülərinin desant çıxarılmasında neçə təyyarənin iştirak etdiyi barədə məlumat verməyib.
Tabqa su bəndi İŞİD-in de facto paytaxtı Raqqanın 45 kilometrliyində yerləşir. Martın 22-də səhərin erkən saatlarında çıxarılan desant İŞİD cihadçıları üçün tam gözlənilməz olub. Ətraf əraziləri elektrik enerjisi ilə təmin edən Tabqa su anbarı İD döyüşçülərinin əsas istehkamlarından biri sayılır.
Koalisiyanın sözçüsü polkovnik Cosef Scrocca deyib ki, desant çıxaran təyyarələrin hamısı sağ-salamat bazaya qayıdıb və desant atəş altına düşməyib. Bu da xəbər verilir ki, sözügedən desant əməliyyatına havadan "Apache" helikopteri dəstək verib və bu ayın əvvəllərində Suriyaya gətirilmiş dəniz piyadaları İŞİD-in mövqelərini artilleriya atəşinə tutublar.
SDQ qüvvələri bildirib ki, onun döyüşçüləri Fərat çayının cənubunda dörd kəndi ələ keçirərək Raqqanı Hələblə birləşdirən magistral yolu kəsiblər. ABŞ koalisiyasının 2014-cü ilin dekabrından bəri ilk dəfə keçirilən iclasında dövlət katibi Tillerson deyib ki, ABŞ İslam Dövləti adlandırılan təşkilata qarşı döyüşən qüvvələrini gücləndirəcək. O deyib ki, ABŞ-ın siyasəti "qəddar terrorçu təşkilatı dağıtmaqdır". Dövlət katibi əlavə edib ki, Suriyaya axışan cihadçıların sayı ötən illə müqayisədə 90 faiz azalıb.
Tillerson bildirib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin bütün müavinləri artıq məhv edilib. "Bağdadinin özünün belə bir aqibətlə üzləşəcəyi indi yalnız vaxt məsələsidir", - o deyib.(virtualaz.org)