Gürcüstanın sabiq prezidenti tarix verdi: Tbilisi qarışacaq...
Kütləvi etiraz aksiyasının təşkil edilməsi müxalifətin hazırlamalı olduğu zirvə nöqtəsidir və bu zirvə, təbii ki, parlamentin ilk iclas günü olacaq.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın keçmişi Prezidenti, müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Giorgi Marqvelaşvili bildirib.
O, qeyd edib ki, fasiləsiz etiraz aksiyaları cəmiyyəti optimizmə hazırlayıb.
"Bu, şübhəsiz ki, zirvə nöqtəsi olacaq. Yeraltı yollarla parlamentə daxil olan deputatların Gürcüstanı idarə etməsi ayrıca bir mövzudur. Məncə, 25 noyabra qədər vəziyyəti dəqiqləşdirmək lazımdır. Bu günlər cəmiyyəti optimizmə hazırladı. Get-gedə daha çox sosial qrup depressiyadan çıxaraq fəaliyyətə keçir. Zirvə günləri çox önəmlidir. 25-i olacaq, ya başqa bir tarix, fərqi yoxdur, bu, zirvə nöqtəsi olmalıdır. Hər gün mübarizə aparmalıyıq ki, qalib gələcəyik, amma yalnış ümidlər yaratmamalıyıq” , - deyə o, "Palitranews"un efirində deyib.
Sabiq ölkə başçısının fikrincə, müxalifət tərəfindən Tbilisinin küçələrində keçirilən fasiləsiz aksiyalar uğurlu bir addım idi.
"Etiraz aksiyaları nihilizm və məyusluğu azaldıb" - deyən Giorgi Marqvelaşvili qeyd edib:
“Mənim fikrimcə, aksiyalar müxalifət tərəfindən çox uğurlu bir addım idi, xüsusən də 'Dəyişikliklər üçün Koalisiya' daha fəal oldu. Atılan addımlar nəticə verdi. Bu gün iki əsas siyasi məqsəd var: müxalifətin parlamentə açıq şəkildə getməməsi, bu da Gürcüstanın Sovet dövrünə bənzər Komunist Partiyası idarəçiliyi ilə olduğunu daha aydın göstərir, və ikinci məqsəd nihilizm və məyusluğun aradan qaldırılmasıdır. Keçirilən aksiyalar bunun bir göstəricisi idi. Bu aksiyalar nihilizm, məyusluq və depressiyanı azaltdı".
Parlament mandatları və siyahıların ləğvi məsələsinə gəlincə, Giorgi Marqvelaşvili bildirib ki, müxalifət siyahıların ləğvini təsirli bir addım kimi təqdim edə bilmədi.
Onun sözlərinə görə, dörd seçki baryerini aşmış partiya müxtəlif dillərdə və ritorikalarda eyni şeyi deyib, lakin bu, seçicilər üçün anlaşılan və təsirli olmadı.
“Bir siyasətçinin karyerasında parlamentə getməmək və deputatlıqdan imtina etmək ən ciddi addımdır. Göründüyü kimi, bu addımı dörd müxalifət partiyası təsdiq etdi, lakin bu, çox təsirli bir addım ola bilmədi. Faktiki olaraq, dörd siyasi subyekt dörd fərqli dildə və ritorikada eyni şeyi dedi, amma bu, seçicilər üçün nə anlaşılan, nə də təsirli oldu" , - söyləyib keçmiş prezident.