ABŞ-da təqaüdçü nəvəsini səs-küy üzündən öldürüb.
Mynews.az xarici mediaya istinadla bildirir ki, üç həftə əvvəl nənə və babasının yanına köçən 38 yaşlı Maria Rangel evə gec qayıdıb. O, yüksək səslə evin ətrafında gəzib və qapıları çırpıb. Yaranan səs-küy onun babası, 67 yaşlı Xose Moqronu yuxudan oyandırıb.
Yaşlı kişi bir neçə dəfə Rangelə irad tutub və ondan sakit olmasını istəyib. Ancaq faydası olmayıb. Bundan sonra qəzəblənən Moqro silahı götürərək yataq otağından çıxıb.
Nəvəsi ona yaxınlaşanda sinəsindən atəş açıb. Bundan sonra təqaüdçü polisə zəng edərək cinayət törətdiyini etiraf edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri gəlib. Rangelin öldüyü məlum olub.
Dindirmə zamanı Moqro deyib ki, nəvəsi ruhi xəstəliklə uzun sürən mübarizədən sonra onun yanına köçüb. Kişi ümid edib ki, o və arvadı Rangelin sağalmasına kömək edəcəklər. Lakin nəvə özünü kobud aparıb və tez-tez babasını təhqir edib.
Vəkili iddia edir ki, o, Rangeli vurmaq niyyətində olmayıb, sadəcə onu qorxutmaq istəyib. Moqro girov müqabilində evə buraxılıb. Onun apreldə məhkəmə qarşısına çıxması planlaşdırılır.