Rusiyanın Federal Təhlükəsizlik Xidməti silah alveri ilə məşğul olan böyük dəstəni zərərsizləşdirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, dəstə üzvlərindən üç təyyarə bombası, 56 ədəd odlu silah, 15 kq partlayıcı, qumbaralar, minalar və digər silah-sursat müsadirə edilib.
Dəstə üzvlərinin saxlanılması əməliyyatı ötən həftə Kaluqa, Bryansk və Moskva vilayətlərində keçirilib. Silah-sursat hazırlanması ilə məşğul olan 4 müəssisə bağlanıb. Əməliyyat zamanı həmçinin səssiz, alovsuz atəş aparmaq üçün nəzərdə tutulan iki qurğu, müxtəlif kalibrli 3700 ədəd patron, 68 ədəd soyuq silah müsadirə edib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, ötən həftə FTX əməkdaşları ABŞ-dan Rusiyaya qaçaqmal yolu ilə silah gətirən cinayətkar dəstəsini ifşa edib. 2016-cı ildə əməliyyatçılar ölkənin Mərkəzi və Şimal-Qərb federal dairələrində silah alveri ilə məşğul olan dəstəni zərərsizləşdirib. Həmin vaxt minaatan, 97 ədəd odlu silah, 3500 silah-sursat və 24 əl qumbarası müsadirə olunub.