ABŞ Konqresində İran ətrafında sərt ritorikanın gücləndiyi bir vaxtda Vaşinqtondan səslənən yeni çağırışlar Yaxın Şərqdə mümkün siyasi və geosiyasi dəyişikliklərlə bağlı müzakirələri daha da alovlandırıb.
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Maykl Makkolun İsrail, Səudiyyə Ərəbistanı və İordaniyanı İranda mövcud rejimin devrilməsi prosesində ABŞ-yə açıq şəkildə dəstək verməyə çağırması regionda ciddi rezonans doğurub. Konqres üzvü bildirib ki, Tehran hakimiyyətinin zəiflədilməsi və dəyişdirilməsi təkcə ABŞ-nin deyil, eyni zamanda bu üç ölkənin də birbaşa strateji maraqlarına cavab verir.
Makkolun açıqlaması fonunda əsas suallar aktuallaşır: İsrail, Səudiyyə Ərəbistanı və İordaniya belə bir ssenariyə necə yanaşa bilər? Bu ölkələr İran rejiminin devrilməsində real rol oynamaq potensialına malikdirmi, yoxsa söhbət daha çox siyasi-diplomatik və dolayı təsir mexanizmlərindən gedir?
Artan regional gərginlik, İran daxilində sosial-iqtisadi böhran və kütləvi narazılıqlar fonunda bu ehtimallar getdikcə daha ciddi müzakirə mövzusuna çevrilir.
Mövzu ilə bağlı açıqlama verən politoloq Elşad Həsənov bildirib ki, son zamanlar İranın başının üzərini qara buludlar alıb. Onun sözlərinə görə, 47 ildir ki, İranda hakim olan fars-molla rejimi əhali arasında ciddi narazılıq yaradan siyasət yürüdür:

“Əhalinin vəziyyəti ağırlaşıb, sosial durum pisləşib, İran rialı ABŞ dollarına nisbətdə tamamilə dəyər itirib. Məhz buna görə də dekabrın 27-də başlayan iğtişaşlar bu gün də davam edir. Artıq İran hakimiyyəti də dərk edir ki, İran xalqını idarə edə bilmir”.
Politoloqun sözlərinə görə, bu illər ərzində fars-molla rejimi və onun ətrafında cəmləşən SEPAH kimi qüvvələr ölkənin var-dövlətini talayaraq xaricə çıxarıb:
“Ali dini lider Əli Xameneinin oğlunun London banklarında 124 milyard funt sterlinq vəsaiti olduğu ilə bağlı məlumatlar yayılıb. İran çox böyük və zəngin dövlətdir. Lakin aparılan siyasət nəticəsində illərdir sanksiyalara məruz qalır, neft və qazını dünya bazarına sərbəst çıxara bilmir. İran neftinin təxminən 90 faizi Çinə dünya bazarı qiymətindən xeyli ucuz satılır”.
Politoloq bildirib ki, bu proseslər fonunda ABŞ-nin İrana qarşı reaksiyası daha da sərtləşib:
“Başda HƏMAS olmaqla, Hizbullah və husilər kimi qruplaşmaların maliyyələşdirilməsi on milyardlarla dollar xərc tələb edir. İsrail İranın proksi qüvvələrinin demək olar ki, hamısını məhv edib, cüzi bir hissə qalıb və onlarla da mübarizə davam edir. 12 günlük müharibə zamanı ABŞ İranın nüvə obyektlərini darmadağın etdi. Etirazlar başlayanda ABŞ-nin keçmiş prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər etirazçılar kütləvi şəkildə öldürülsə, onlara dəstək verəcək. 800 nəfərin edamı məsələsində isə prosesin dayandırılmasına nail olunduğu üçün İran rəhbərliyinə təşəkkürünü bildirmişdi. ABŞ qoşunlarını artıq İordaniyaya yerləşdirib, hərbi gəmilər İran körfəzinə çatıb. Anti-milli siyasət yürüdən fars-molla rejiminin siyasi səhnədən getmə vaxtı yetişib. Bu prosesdə təkcə ABŞ yox, İsrail, Səudiyyə Ərəbistanı və İordaniya da maraqlıdır. Hamısı istəyir ki, İranda müasir və sivil siyasi lider ortaya çıxsın, ölkə dünyəvi dövlətə çevrilsin”.
Politoloq əlavə edib ki, Pəhləvi ailəsinin nümayəndələrinin səsləndirdiyi çağırışlar da diqqət çəkir:
“Pəhləvi bildirib ki, hakimiyyətə gəlsələr, keçid dövləti quracaq və seçkilər keçirəcəklər. Onun birbaşa qayıdışı real görünmür, lakin ABŞ onu öz kadrı kimi növbəti seçkilərə qədər siyasi proseslərə daxil edə bilər”.
1
Azərbaycanda 100 mindən çox su sayğacı dəyişdiriləcək
1177 dəfə oxunub
2
Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək
1168 dəfə oxunub
3
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək
1136 dəfə oxunub
4
Azərbaycanda 8 dövlət qurumu ləğv edilib
1133 dəfə oxunub
5
“Xocalıya bir eybəcər ad da vermişdilər...” - Prezident
1118 dəfə oxunub