400-dən çox qoyunu mənimsəməyə görə 7 il həbs cəzası verildi.
Bakı Ağır Cinayətlər Məhkəməsində çobanlıq etdikləri fermanın qoyunlarını mənimsəməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə son proses keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Təqsirləndirilənlər - Əliş Abdulov və Mikayıl Əndəlifovun hər birinə 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onlar məhkəmə zalında həbs ediliblər.
Digər təqsirləndirilənlər - Seymur Zahidov, Cabir Nərimanov və Mirhüseyn Zayidov barəsində isə 1 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib.
İttihama görə, Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyən təqsirləndirilənlər fermer təsərrüfatına məxsus 400-dən çox qoyunu mənimsəməkdə ittiham olunublar.
İstintaq və məhkəmə dövründə təqsirləndirilən şəxslər barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Çobanlar isə özlərini ittihamla təqsirli bilmirlər. Onlar məhkəməyə bildiriblər ki, fermer təsərrüfatına rəhbərlik edənlər özləri qoyunları satıb, günahı da onların üstünə atırlar.