ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

538
ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Beynəlxalq hüquqda güc tətbiqi

BMT-nın qurulmasının əsas səbəbi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq idi, çünki inanılırdı ki, insan ancaq müharibələrin olmadığı bir cəmiyyətdə xoşbəxt ola bilər.

BMT Nizamnaməsi ilə güc tətbiqi bütünlüklə qadağan edildi, lakin bunun 2 istisnası saxlandı: Nizamnamənin 42-ci maddəsinə görə, BMT Təhlükəsizlik Şurası (BMTŞ) tərəfindən güc tətbiqi və Nizamnamənin 51-ci maddəsinə görə, başqa dövlətin, ya da silahlı birləşmənin hücumuna məruz qalmış dövlətin zəruri müdafiə hüququ.

BMT TŞ-nin güc tətbiqi qərarı üçün 15 üzvdən azı 9-nun səsi lazımdır. Lakin daimi 5 üzvün – Rusiya, ABŞ, İngiltərə, Çin və Fransanın veto hüququ var, yəni onlardan istənilən biri güc tətbiqinə dair qərarı əngəlləyə bilər.

Kimyəvi silahların qadağan olunması

07 aprel 2017 gecəsi ABŞ-ın Aralıq dənizindəki 2 gəmisindən Suriyada Əsədə aid hərbi obyektlərə əlliyə yaxın “Tomohavk” raketi atılıb. Raket hücumu İdlib ətrafında (Xan-Şeyhun) Əsad aviasiyasının kimyavi silahlarla hücumuna qarşıdır.

Kimyəvi silahlar 1-ci Dünya müharibəsində, İran–İraq müharibəsində, habelə Səddam Hüseyn tərəfindən kürdlərə qarşı, bir də Suriya müharibəsində daha əvvəl - 2013-cü ildə istifadə olunub.

1925-ci ildə Cenevrədə imzalanan bir protokolla kimyəvi, boğucu və bioloji silahların müharibədə istifadəsi qadağan edilirdi, lakin istehsalına qadağa yox idi. BMT Ümumi Assambleyasının cəhdləri ilə 1993-cü ildə yeni bir Konvensiya ilə kimyəvi silahların istehsalı, yığılması, daşınması, onun komponentlərinin üçüncü dövlətlərə satılması tamamilə qadağan edildi. Bu Konvensiyanı imzalamayan çox az dövlət var. Zimbabve, Şimali Koreya, İsrail isə imzalayıb, lakin ratifikasiya etməyib.

Suriya 2013-cü il hadisəsindən sonra Konvensiyanı ratifikasiya etmişdi.

R2P – qoruma öhdəliyi

Suriyaya baxdığımızda, orada xarici dövlətin hücumu yoxdur. Ölkədə vətəndaş müharibəsi gedir, bunun da 4 tərəfi var – Əsəd, müxalif qüvvələr, silahlı kürdlər və İŞİD. Bu cür hallarda beynəlxalq toplum ölkəyə müdaxilə edə bilərmi?

Ölkədə vəziyyət ağır olduqda, mülki əhalinin həyatı təhlükə altında qaldıqda vicdanlı insanların buna səssiz qalması mümkün olmadığına görə, bu cür insani faciələrin yaşandığı hallarda, ilk dəfə 3 dekabr 1992-ci ildə Somali krizisində BMT TŞ buna qərar vermiş və ölkədəki kriminal dəstələrə güc tətbiq edilmişdi.

R2P (responsibility to protect) mexanizmin işlədilməsi üçün BMT TŞ qərarının lazım olduğu hələ də bir qayda olaraq qalır. Lakin 1994 və 1999-cü illərdə Rusiyanın veto mövqeyi səbəbiylə BMT TŞ qərar ala bilmədiyi üçün NATO keçmiş Yuqoslaviyada güc tətbiq etmişdi.

Eyni halın 2010-cu ildə Liviyada Qəzzafiyə qarşı tətbiq olunduğunu da görmüşdük, lakin Liviya müdaxiləsində BMT TŞ qərarı var idi.

Qanlı Suriya müharibəsində Rusiya uzlaşmaya getmədi. Beynəlxalq güclərin müharibəyə müdaxilə etməsinə dəfələrlə imkan verilmədi. Hətta İran və Livan ilə birlikdə müharibədə iştirak etdi – Əsədin tərəfində. Rusiyanın Suriyada öz maraqları var və onları ABŞ-ın ayağına qurban vermək istəmirdi.

Əslində Rusiya daha konstruktiv yol tuta bilərdi. Əsədin dəyişilməsi şərtilə, müəyyən bir razılığa gəlmək mümkün olardı, Rusiyanın ölkədəki əsas bazası Tarsus da saxlanıla bilərdi.

Kimyəvi silahların tətbiqinə görə ölkəyə müdaxilə etmək olarmı?

Bu sualı davam etdirmək də mümkündür, bu formada: BMT TŞ qərarı olmadan bunu etmək olarmı?

Kimyəvi silah kütləvi qırğın silahları (KQS - WMD) kateqoriyasına aiddir. ABŞ daha əvvəllər KQS istehsal edən dövlətlərə müdaxilə edəcəyini bildirmiş, bu iddia ilə müdaxilə etmişdir. Məsələn, İrana, Şimali Koreyaya, İraqa tətbiq edilən sankisyalar bu qəbildəndir.

Beynəlxalq hüquq nəzəriyyəsində bunun dəqiq cavabı yoxdur. Məlumat üçün qeyd edə bilərik ki, 1993 Konvensiyasını imzlamış ABŞ-ın özündə kimyəvi silahlar hələ də qalıb, 2020-ci ilə qədər tamamilə məhv edilməlidir.

Şəxsi qənaətim də bu istiqamətdədir ki, heç bir ölkə kimyəvi silaha sahib olmamalıdır, lakin dövlətin özü bu silahları məhv etmirsə, ona qarşı BMT TŞ çərçivəsində mərhələli şəkildə güc tətbiq oluna bilər.

Ölkədaxili kimyəvi silah tətbiqi R2P çərçivəsində ələ alına bilər. Həqiqətən də kimyəvi silahı Əsəd təyyarələri atıbsa, ki bu mümkündür, daha əvvəlki sanksiyalar təsirsiz qaldığı səbəbilə birbaşa güc tətbiqinə getmək mümkündür.

ABŞ-in təktərəfli qaydada güc tətbiq etməsi, əlbətdə ki, çətinliklə oturuşmuş beynəlxalq sistemə uyğun deyildir. Ən çox da buna Rusiya etiraz edir. Lakin Rusiyanın etirazı olduqça qeyri-səmimidir, çünki Krımı təktərəfli qaydada ordusu ilə işğal edən bir dövlətin ABŞ-ın Aralıq dənizindən raket atmasına etiraz etməsi ən azından vicdanlı deyildir.

Digər tərəfdən, məsələnin BMT TŞ-ya çıxarılmasının da mənası olmazdı, çünki Rusiya bu qərara da veto qoyacaqdı.

Amerikanın bu hərəkəti, faktiki olaraq, Suriya üzərində “no-fly zone” qurmuş oldu, çünki Əsədə bağlı təyyarələrin çoxu 07 aprel gecəsi məhv edildiyi bildirilir (Əgər xəbər doğrudursa).

Qordi düyünün kəsilməsi

Buna dair əlimizdə bir sübut olmasa da, belə bir ehtimal vermək mümkündür. Bu günlərdə Əsəd və Rusiyanın kimyəvi silahlardan istifadəsi olduqca mənasız və yersiz olardı. Ola bilsin ki, kimyəvi silahlarla edilən hücum ABŞ-ın aktiv hərbi əməliyyatlara girişməsi üçün bir bəhanədir. Lakin unutmamalıyıq ki, ABŞ-da Demokratlar getmiş və müharibədən çox qorxmayan Respublikaçılar artıq iqtidardadır.

“Tomohavk” raketləri yüksək dəqiqliyə sahib raketlərdir. Peyk ilə naviqsiya edildiyindən səhv vurma dərəcəsi +/- 1 metr təşkil edir, düz xətt trayektoryası ilə uçmadığı üçün S-400 raketləri belə onları durdura bilmir.

İkinci versiyaya görə, Tramp buna ona görə getdi ki, ABŞ daxilində onun Rusiya ilə əlaqələri gündəmi ciddi şəkildə doldurmuşdu və onun impiçment məsələsi danışılırdı. Qeyd olunmalıdır ki, bu gecəki raket hücumunda Tramp Senatın icazəsini almadan birbaşa özü Pentaqona əmr vermişdi.

Əgər Amerikanın raket hücumları davam etsə, birinci versiya daha çox üstünlük qazanacaq; yox əgər hücumlar bu gündən sonra dayansa, ikinci versiyaya üsünlük verilə bilər. Lakin bunlar sadəcə ehtimallardır.

Tramp bugünkü çıxışında dünya ictimaiyyətini əməkdaşlığa və Suriyadakı qan selini durdurmağa çağırdı.

Göründüyü kimi, planlar daha dərin, daha genişdir. Müharibənin mənzərəsi bundan sonra yenidən dəyişə bilər.

Xəbər lenti