Adaya yaxınlaşana oxlarla hücum edib öldürür və heç kimi yaxına buraxmırlar.
Mynews.az xəbər verir ki, ARB TV-nin "Pəncərə" verilişində dünyanın qeyri-adi qəbilələrindən bəhs edən maraqlı sujet yayımlanıb.
Yəqin ki, tarixi oxuyanlar bilir, ilk insan qalıqlarına məhz Keniya və Tanzaniya bölgəsində rast gəlinib. Görünür, bu təsadüfi deyilmiş. Həmin qalıqların mənəvi nəvələri bu gün də canlı şəkildə bu tarixi missiyanı özləriylə daşıyırlar. Onlar Hadza qəbiləsi adlanır və Eyasi gölü ətrafında məskunlaşıblar. Nə telefon, nə avtomobil, nə kompyuter - müasir sayılan heç nədən istifadə etmirlər, hətta xəbərsizdirlər. Günləri isə ov ovlayıb quş quşlamaqla keçir. Kəskin isti iqlimdə yaşayan Hadzalıların tarixi 1000 il əvvələ gedib çıxır. Elmi şərtlərlə hesablasaq, onlar bu günümüzə belə formada gəlib çıxmamalı idilər. Amma onlar 21-ci əsrin 2017-ci ilində də ulu babalarının miras qoyduğu həyat tərziylə yaşayırlar. Onların dili dünyanın ən qədim dillərindən biri hesab oluna bilər. Sayları isə o qədər də çox deyil. Bu gedişlə ən balaca hadzalılar da böyüyüb öz atalarının yolunu davam etdirəcəklər. Çünki gözlərini açıb başqa heç nə görmürlər.
Bununla yanaşı, Braziliyanın Amazon meşələrində kök salmış adamlar da Dessana qəbiləsinin nümayəndələridir. Braziliyanın paytaxtından 5 min km uzaqlıqda yaşayan qəbilə üzvləri adlarına layiq şəkildə ömür sürürlər. Yəni texnologiyadan uzaq və təbiətlə baş-başa. Bu bölgəyə yalnız Manaus şəhərindən gəmi vasitəsilə getmək mümkündür. Ona görə də aktiv və müasir sivilizasiya ilə əlaqələri demək olar ki, kəsilib. Yeganə ziyarətçiləri Brazliyaya gələn macərapərəst turistlər olur. Dessana camaatı özlərinə məxsus geyim, aksesuar və rəng kampazisiyası ilə seçilir. Qidalarını birmənalı olaraq təbiətdən əldə edirlər. Heç bir dükan-market-satıcı-pul üzü görmürlər. Təbiətlə bu cür iç-içə yaşayıb torpaq rəngi alsalar da, qızları öz təbii gözəlliyini itirməyib. Digər qəbilələrdən fərqli olaraq müasir insanlara qarşı çox mehriban və qonaqpərvərdirlər. Bir də özlərinə məxsus rəqs ritualları var. Bəlkə də onları tarixin ucu-bucağı görünməyən əsrlərindən bu günümüzə qədər gətirib çıxaran da elə bax bu mənəvi qidaları sayılan musiqiləridir. Ürəyi zəif olanlar bir neçə saniyəlik gözlərini və qulaqlarını yumsunlar - deməli, meşədə, ağaclarda yaşayan qurdlar qəbilə üzvlərinin sevimli qəlyanaltılarından sayılır. Onlar bu qurdları diri-diri yeyərək nahara qədər mədələrini aldadırlar.
Ekvador - qədim Cənubi Amerika dövləti. Qədimliyinin sübutu isə günü bu gün də tarixi keçmişi özündə qoruyan Huaorani qəbiləsidir. Ekvadorun yağışlı meşələrində yaşayırlar. Əsas məşğuliyyətləri ovçuluqdur. Meşədə yaşayasan, ov etməyəsən, bax bu günah olar. Özü də onları digər qəbilələrdən fərqləndirən əsas xüsusiyət - onlar meymunla qidalanırlar. Boruşəkilli silahlarıyla ova çıxaraq ağaclarda gəzən meymunları ox atəşinə tutur və beləcə şikarını tutub tonqalda bişirib yeyirlər. Qəbilə üzvlərinin sayı 4000 civarındadır. Maraqlıdır ki, onların dilini o boyda Ekvadorda başa düşən yoxdu. Gecələri gündüzləri ağaca dırmaşmaqla keçdiyindən ayaqları təkamül keçirib. Bəzilərinin 6 barmaqlı ayağa sahibdir. Bu qəbilə də turistlərə qarşı mehriban davranır. Hətta öz əşyalarından onlara sataraq pul da qazanırlar. Amma pulu hara xərcləyirlər, bax orası sual altındadı.
İlk dəfə təyyarə uçuşu zamanı aşkar edilmiş bu qəbilənin həmin tapıntıdan xatirə qalmış bir videosu da var. Deməli, meşə üzərindən təyyarə keçdiyini görən huorani sakinləri ilk dəfə belə bir nəqliyyat vasitəsi gördükləri üçün heyranlıqla havaya baxırdılar. Və onların bu heyranlığı kameralara da yansıyıb.
Bir özəllikləri də odur ki, qulaqlarında böyük bir dəlik açaraq içinə daş qoyurlar. Qulağınızı çəkib "bizdən iraq" deməyin. Onlara görə bu, əksinə gözəllik əlamətidir. Kişi ayağından, qadını qulağından sevirlər.
Və sonuncu fərqli sivilizasiyaya keçid alırıq. Onlar Hindistan yaxınlığında, Hind okeanındakı Andaman adalarında yaşayırlar. Qəbilə belə adlanır: Carava. Onlar da müasir dünya insanlarına qarşı mehribandırlar. Amma açıq aşkar bildirirlər ki, turistlər, jurnalistlər, antropoloji alimlərin gəlib getməsindən beziblər. Maraqlıdır ki, onlar fərqli olduqlarını dərk edir, müasir texnologiyadan xəbərdardılar. Amma bu yenilikləri həyatlarına tətbiq etmək istəmirlər. Dediklərinə görə, onların 10 min il əvvələ dayanan qədim kökləri var və nəslin adını batırmaq olmaz.
Jurnalistlər nə qədər and aman eliyirsə, Andaman adalarının bu fərqli cəmiyyəti yeniliyə qarşı qapanıb durur. Andamanın yaxınlığındakı Şimali Sentinel adasının sakinləri isə artıq əsrlərdir ki, qapanıblar. Adaya yaxınlaşana oxlarla hücum edib öldürür və heç kimi yaxına buraxmırlar. Uzun illərdir ki, Hindistan dövləti bu adayla mehriban münasibətə keçməyə can atır amma hər dəfə əli ətəyindən uzun geri dönür.